AZAL mülki aviasiya sahəsində yüksək beynəlxalq təhlükəsizlik tələblərinə cavab verdiyini bir daha təsdiq edib

Milli aviadaşıyıcı AZAL Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA)  Operational Safety Audit (IOSA) standartına uyğunluğun müəyyən edilməsi üzrə  auditdən növbəti dəfə uğurla keçdi.

Bu barədə “QİA.az”a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

İlk dəfə distant formatda baş tutan bu audit yoxlaması “Azərbaycan Hava Yolları” aviaşirkətinin mülki aviasiya sahəsində ən ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviadaşıyıcı olduğunu bir daha təsdiq etdi.

IOSA auditi (IATA-nın “İstismar Təhlükəsizliyinin Yoxlanılması” Proqramı) bir neçə bölmə üzrə qurulmuş yüzlərlə vacib standartın və tövsiyə olunan prosedurların yoxlanılması proqramıdır və aviaşirkət auditdən keçdiyi zaman həmin standartlara uyğunluğunu təsdiq etməlidir.

Audit proqramına aviadaşımalar sahəsində yerüstü, yük və uçuş əməliyyatları, hava gəmiləri parkına xidmət göstərilməsi, hava daşımalarının təhlükəsizliyi və s. kimi əsas fənlərin yoxlanılması daxildir.

Audit yoxlaması təkcə aviaşirkətin istehsalat fəaliyyətinin deyil, həm də təşkilati strukturunun qiymətləndirilməsini əhatə edir. Yoxlama çərçivəsində insan amilinin təsirindən yaranan risklərin minimuma endirilməsi sistemi və əks əlaqə sistemi qiymətləndirilir ki, bu da düzəliş məqsədilə tədbirlərin vaxtında görülməsini təmin edir. Aviadaşıyıcının hər bir əməkdaşının hərəkətləri ən kiçik təfərrüatlara qədər əvvəlcədən müəyyən olunmuşdur. Bu addım mümkün olan bütün səhvləri və çatışmazlıqları minimuma endirməyə imkan verir.

“AZAL mülki hava daşımalarının təhlükəsizliyi sahəsində ən mühüm yoxlamalardan biri olan IOSA auditindən artıq yeddinci dəfədir ki, uğurla keçir. Pandemiya şəraitində auditi uğurla keçməsi bir daha sübut edir ki, uçuş təhlükəsizliyinin ən yüksək səviyyədə saxlanılması aviaşirkətimizin əsas prioritetlərindən biridir” – deyə “Azərbaycan Hava Yolları”nın prezidenti bildirib.

Qeyd edək ki, Azərbaycanın Milli aviadaşıyıcısı 1993-cü ildən IATA-nın üzvüdür.

Uçuşların təhlükəsizliyini ciddi səviyyədə təmin etməklə yanaşı, AZAL sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərdiyinə görə dəfələrlə mükafatlara layiq görülmüşdür. Hava daşımaları sahəsində dünyada ən nüfuzlu reytinq şirkəti sayılan Britaniyanın “Skytrax” konsaltinq şirkəti AZAL-ı  nüfuzlu “4 ulduz” reytinqinə layiq görmüşdür, eləcə də aviaşirkəti “Orta Asiya və Hindistan” bazarında mövcud olan daşıyıcılar arasında ən yaxşı aviaşirkət elan etmişdir.

Oxşar Xəbərlər