AZAL Sofiyaya ilk reysini yerinə yetirib

Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bolqarıstanın paytaxtı Sofiya şəhərinə ilk reysini həyata keçirib.

QİA.az xəbər verir ki, bu barədə QSC-dən AZƏRTAC-a verilən məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkətinin ilk reysinin gəlişi münasibətilə Sofiya Beynəlxalq Hava Limanında rəsmi tədbir keçirilib. Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov, “SOF Connect” şirkətinin baş direktoru Hesus Kabalyero, aviaşirkətin Satış və əməkdaşlıq idarəsinin Avropa regionu üzrə nümayəndəsi Kamran Qacar, eləcə də rəsmi qonaqlar və media nümayəndələri iştirak ediblər.

Tədbirdə dövlətlərarası münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycan və Bolqarıstan arasında birbaşa uçuşların açılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, reyslərin yerinə yetirilməsi zəngin tarixə malik iki ölkə arasında turizmin inkişafı və mədəni mübadilə üçün yeni imkanlar yaradacaq.

Bakı-Sofiya-Bakı marşrutu üzrə uçuşlar çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Bolqarıstanın paytaxtı və ən böyük şəhəri olan Sofiya zəngin tarixi və mədəni görməli yerləri ilə turistləri cəlb edir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Oxşar Xəbərlər