22 fevral tarixindən “Azərbaycan Hava Yolları” QSC-nin 50 yaş və daha yuxarı olan bütün işçilərinin koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanılıb.
Bu yaş kateqoriyasına aid aviasiya personalı ilk növbədə koronavirus infeksiyasına qarşı peyvənd olunmalı şəxslər siyahısına daxildir.
AZAL-dan “QİA.AZ”a verilən məlumata görə, aviaşirkətin işçi heyətinin peyvənd olunması 26 fevral tarixinədək davam edəcəkdir. Peyvənd olunma könüllü xarakter daşıyır və ödənişsiz həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı COVID-19 infeksiyasına qarşı peyvənd olunmalı bütün vətəndaşları peyvəndləmə prosesində daha fəal iştirak etməyə çağırır. Bu, ölkədəki epidemioloji vəziyyətin yaxşılaşdırılmasına və ən qısa müddətdə aviasiya və turizm sektorunun bərpasına kömək edəcəkdir.
AZAL ölkədəki uğurlu peyvəndləmə proqramı sayəsində Azərbaycan Respublikası sərhədlərinin açılmasını və sərnişindaşıma sektorunun normal fəaliyyətə dönəcəyini gözləyir. Aviaşirkətin beşillik inkişaf planına əsasən 2023-cü ilə qədər əvvəlki daşıma həcmlərinə qayıtmaq və pandemiyadan əvvəl “Azərbaycan Hava Yolları”nın uçduğu bütün marşrutlar üzrə müntəzəm reysləri bərpa etmək nəzərdə tutulmuşdur. 2025-ci ilədək isə aviaşirkət yaxın və uzaq xaricdəki marşrut xəritəsini daha da genişləndirməyi planlaşdırır.
Həmçinin, uçuşların bərpası çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportu xarici aviaşirkətlərin ölkəyə cəlb edilməsinin və yeni hava xətlərinin açılmasının təşviqi proqramını davam etdirəcəkdir.
Qeyd etmək lazımdır ki, sərhədlərin bağlanmasına qədər Azərbaycanın bütün beynəlxalq hava limanlarında hava məkanının beşinci və yeddinci dərəcəli “hava azadlığı” rejimləri tətbiq olunurdu. Azərbaycana uçuşlar həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər sonradan milli aviadaşıyıcı ilə eyni hüquqları əldə edəcəklər. Həmin azadlıq dərəcələri Azərbaycan hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuş icra etmək imkanı yaradır.