Azərbaycanda “Slou Fud” turizm modelini genişləndirmək məqsədilə işçi qrupu yaradılıb

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi

Martın 17-də Azərbaycan Turizm Bürosunun təşəbbüsü və Avropa İttifaqının maliyəsi ilə yaradılan “COVCHEG” layihəsi çərçivəsində Azərbaycanda dayanıqlı və ekoloji təmiz turizmi təbliğ etmək və ölkədə ”slou fud” turizm modelini genişləndirmək məqsədilə işçi qrupu yaradılıb.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrindən ibarət olan işçi qrupu pilot olaraq seçilən regionlarda icma əsaslı təsərrüfatların inkişaf etdirilməsinə, davamlı dəyər zəncirinin formalaşdırılmasına, yerli qida məhsullarının istehlakının təşviqinə və biomüxtəlifliyin qorunmasına dəstək olacaq.

Bununla yanaşı, təhsil ocaqlarında bu istiqamətdə tədrisin təşkilinə, kənd turizminin inkişafına və milli qastro-turizmin beynəlxalq platformalarda təşviqini həyata keçirəcək.

Tədbirdə iştirak edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid slou fud cərəyanının dünya turizm bazarında yeni bir təcrübə olduğunu və artıq bu sahənin turizmdə xüsusi çəkisinin formalaşdığını deyib. Baş icraçı direktor Azərbaycanın slou fud sahəsində tanınması və yeni destinasiya kimi təqdim edilməsi üçün gözəl təbiətə, əlverişli iqlimə sahib olduğunu bildirib.

Florian Zenqstşmid Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu layihənin yerli qastronomiya və mədəni irsin dəyərləndirilməsi, turizm modeli kimi tanıdılması, eləcə də Azərbaycanın kənd icmalarının iqtisadi durumunun bərpası və inkişaf etdirilməsi baxımından mühüm olduğunu qeyd edib.

Görüşdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri Ramilə Aslanova İtaliyanın “Slow Food” təşkilatı tərəfindən həyata keçirilən “COVCHEG “layihəsinin əsas məqsədinin yerli kənd təsərrüfatı məhsulları istehsalçılarının gəlirlərinin artırılmasına, qastronomiya və mədəni irsi dəyərləndirməklə Azərbaycandakı kənd icmalarının iqtisadi durumunun bərpasına və rifahının yaxşılaşdırılmasına dəstək olduğunu bildirib.

Tədbir çərçivəsində iştirakçılarına “COVCHEG” layihəsi haqda geniş məlumat verilib.

Qeyd edək ki, Avropa İttifaqı tərəfindən maliyyələşən “COVCHEG” (Böyük Qafqaz Dağlıq ərazilərində icma əsaslı dəyər zəncirinin genişləndirilməsi) layihəsi Azərbaycan Turizm Bürosu ilə birgə “Slow Food” tərəfindən həyata keçirilir. Layihənin pilot ərazisi Şəki-Zaqatala və Dağlıq-Şirvan iqtisadi regiona daxil olan 5 rayonu – Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə edir.

Slou fud dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.

QİA.AZ

Oxşar Xəbərlər