“AzerGold” əlvan metal layihələrinin icrasına 13 min işçi cəlb edəcək

“AzerGold” QSC ölkədə dağ-mədən sənayesinin inkişafı üçün ən vacib elementlərdən sayılan kadr potensialının artırılmasına xüsusi önəm verir.

QİA.AZun məlumatına görə, bu barədə “AzerGold” QSC-nin 5 illik fəaliyyətinə dair açıqlamasında Cəmiyyətin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə, hazırda “AzerGold” ailəsinin 500 nəfərə yaxın üzvü, eləcə də Cəmiyyətin mədən ərazilərində fəaliyyət göstərən tərəfdaş şirkətlərin 1 000 nəfər əməkdaşı vahid bir amal uğrunda, ölkəmizin sosial-iqtisadi tərəqqəsinə töhfə vermək niyyətilə çalışır: “Sevindirici haldır ki, hazırda qızıl və gümüş hasilatını və emalını həyata keçirdiyimiz Daşkəsən rayonunda məşğulluğun səviyyəsi xeyli artıb. Önümüzdəki illərdə də bu sahədə müvafiq addımların atılması, digər bölgələrdə də yeni iş yerlərinin açılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub. Bir qədər öncə haqqında bəhs etdiyim strategiyaya uyğun olaraq təkcə əlvan metal layihələrinin icrasının ən fəal mərhələsində 13 min nəfərə qədər işçinin cəlb edilməsi nəzərdə tutulub”.

O qeyd edib ki, sözügedən mərhələnin 2029-2031-ci illəri əhatə etməsi proqnozlaşdırılır.

Z. İbrahimov həmçinin vurğulayıb ki, il ərzində fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər uğurla icra edilərək, xəsarətsiz ötüşən iş saatlarının miqdarı 2 milyon 300 min saatı ötüb: “Bu, 5 ildir ki, fəaliyyət göstərən bir müəssisə üçün yüksək göstərici hesab olunur. Hər zaman bu şüarı qeyd edirik: İşçilərin sağlamlığı, təhlükəsiz iş şəraiti əsas öncəliyimizdir”.

Oxşar Xəbərlər