2020-ci ildə “AzerGold” QSC-nin kəşf etdiyi Ağyoxuş-1” yatağı 30 noyabr tarixində istismara verilərək yeni emal zavodu və müvafiq infrastruktur qurulmadan istismarına və orada hasil edilən süxurların “Çovdar” Filiz Emalı Sahəsində (ÇFES) emal edilməsinə başlanılıb.
“QİA.AZ”ın məlumatına görə, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş onlayn müşavirədə bildirib.
Onun sözlərinə görə, ötən il yeni yataqların istismarına hazırlıq çərçivəsində intensiv kəşfiyyat və tədqiqat işləri qrafik üzrə davam etdirilib, fəaliyyət planına uyğun olaraq perspektiv sahələrdə yeni yataqların istismara verilməsi istiqamətində 75 778 metr dərinliyində buruq-qazma işləri icra edilib.
Müşavirədə “AzerGold”un cari ildə də regionlarda yeni mədənlərin işə salınması istiqamətində fəaliyyətini davam etdirəcəyi vurğulanıb. Təsdiqlənmiş plan əsasında 2021-2027-ci illər ərzində müvafiq olaraq “Ağyoxuş” yatağının növbəti mərhələlərinin (“Ağyoxuş-2”, “Ağyoxuş-3”), “Mərəh”, “Narçala”, həmçinin “Çovdar” yatağının sulfid mərhələsi üzrə istismarı, eləcə də “Tülallar”, “Filizçay”, “Qaradağ”, “Xarxar”, “Mazımçay” və digər yataqların istifadəyə verilməsi ilə ölkə iqtisadiyyatına milyardla manat vəsaitin cəlb ediləcəyi, ümumilikdə minlərlə yeni iş yerinin açılacağı, bütün bunların regionların sosial-iqtisadi inkişafına müsbət təsir edəcəyi vurğulanıb. Bildirilib ki, bu layihələrin icrası ilə Qapalı Səhmdar Cəmiyyətin genişmiqyaslı regional mədən şirkətinə, ölkənin ən böyük qeyri-neft ixracatçısına çevrilməsi əsas hədəf kimi qarşıya qoyulub.
Z.İbrahimov Prezident İlham Əliyevin 1 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Cəmiyyətin fəaliyyət sahələrinə ölkə ərazisində qara metal filizi yataqlarının tədqiqi, kəşfiyyatı, işlənilməsi və idarə olunmasının həvalə edilməsinin də dövlət başçısı tərəfindən şirkətin fəaliyyətinə göstərilən yüksək etimadın nəticəsi olduğunu diqqətə çatdırıb.
Tədbirin davamında bu istiqamətdə görülən və planlaşdırılan işlər haqqında da geniş müzakirə aparılaraq Cəmiyyətin Müşahidə Şurasına təqdim edilməsi məqsədilə 2021-ci il üzrə ümumi fəaliyyət planı təsdiq edilib. Müzakirələrin sonunda qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.