Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2024/2025-ci tədris ili üçün xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə imtahan yekunlaşıb. Qabiliyyət imtahanı 3 gün davam edib.
Bu barədə QİA.az-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, abituriyentlər/subbakalavrlar yalnız rəsm fənnindən imtahan veriblər. İmtahandan 10 ballıq şkala üzrə 6 və daha yuxarı qiymət alan abituriyentlər/subbakalavrlar məqbul qiymət almış hesab edilib və memarlıq ixtisası üzrə müsabiqədə iştirak etmək hüququ qazanıblar.
Qabiliyyət imtahanına Dövlət İmtahan Mərkəzinin (DİM) məsul nümayəndələri nəzarət ediblər.
AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova imtahandan öncə abituriyentlərə/subbakalavrlara tövsiyələrini verib və onlara uğurlar arzulayıb. AzMİU-nun Təsviri incəsənət kafedrasının müəllimləri tapşırıqları izah edərək imtahan zalını tərk ediblər. İmtahan tapşırığını yerinə yetirmək üçün abituriyentlərə/subbakalavrlara 4 saat vaxt verilib.
Xatırladaq ki, 1-ci ixtisas qrupunda xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qabiliyyət imtahanlarında iştirak etmək üçün ümumilikdə 399 abituriyent/subbakalavr DİM-in saytında qeydiyyatdan keçib. Qabiliyyət imtahanının nəticələrdən narazı qalan abituriyentlərin şikayətlərini araşdırmaq üçün AzMİU-da Apellyasiya komissiyası yaradılıb. İmtahan nəticələrindən narazı olanlar DİM-in elektron sistemi üzərindən qeydiyyatdan keçərək avqustun 3-də Apellyasiya komissiyasına müraciət edə bilərlər.
Qeyd edək ki, imtahan tapşırıqları AzMİU-nun və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mütəxəssisləri tərəfindən qiymətləndirilib.