Prezident İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın 4-cü iclası keçirilib.
Bu barədə “QİA.AZ”a Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, nazir Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda Komissiyanın üçüncü iclasından ötən dövr ərzində pilot layihələrin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, “ACWA Power” şirkəti ilə imzalanacaq müqavilə layihələrinin yekun versiyaları təsdiq olunub.
İclası açan P.Şahbazov komissiya üzvlərini Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə münasibətilə təbrik edib, “ACWA Power” və “Masdar” şirkətləri ilə imzalanmış icra müqavilələri çərçivəsində həyata keçiriləcək külək və günəş enerjisi layihələrinin reallaşdırılması üçün torpaq sahələrinin ayrılması, şəbəkəyə qoşulma və enerjisistemə inteqrasiya, dövlət zəmanətlərinin verilməsi mexanizminin müəyyənləşdirilməsi, eləcə də digər istiqamətlər üzrə aidiyyəti qurumlarla birgə görülmüş işlər barədə məlumat verib.
Sonra hazırlanmış müqavilə layihələri barədə təqdimat dinlənilib. Qeyd olunub ki, “ACWA Power” şirkəti ilə imzalanması nəzərdə tutulan 6 müqavilə – İnvestisiya Müqaviləsi, Enerji Alqı-satqı Müqaviləsi, Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi, Torpaq İcarə Müqaviləsi, Müstəqil Mühəndis Müqaviləsi və Birbaşa Razılaşma Müqaviləsinin layihələri hazırlanıb və iki mərhələdə aidiyyəti qurumlardan rəy və təkliflər toplanaraq, təkmilləşdirilib və investorla razılaşdırılıb. Komissiya bu iclasda layihələri təsdiq etdikdən sonra onlar paraflanacaqdır. Eyni zamanda, “Masdar” şirkəti ilə müvafiq layihə sənədləri üzrə danışıqların son mərhələdə olduğu, yaxın gələcəkdə yekunlaşdırılacağı diqqətə çatdırılıb.
İclasda komissiya üzvləri çıxış edərək hazırlanmış sənədləri dəstəkləyiblər, səsləndirilmiş bir neçə təklif nəzərə alınmaqla müqavilə layihələri təsdiq olunub.
Videokonfransda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Mərkəzi Bankının, “Azərenerji” və“Azərişıq” ASC-lərin nümayəndələri iştirak edib.