Bakı “Instagram” və “TikTok”da ən populyar alternativ turizm məkanına çevrilib – FOTO

Bakı “Destination Dupes”un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin “Instagram”, “TikTok” kimi sosial şəbəkələrdə ən populyar “dupe” istiqaməti kimi birinci yeri tutub.

Bu barədə “1st Move International”ın turizm ekspertlərinin apardığı araşdırmadan məlum olub.

Qeyd edək ki, ingilis dilindən “dublicate” sözünün (tərc.“dublikat”, “analoq”) qısaldılmışı olan “dupe” kəlməsi böyük brendə bənzər, effektivliyi ilə də geri qalmayan, lakin daha ucuz məhsulu bir sözlə – daha sərfəli alternativi nəzərdə tutur.

“Destination Dupe” – izdihamlı və daha bahalı olanların əvəzinə daha az tanınan, araşdırılmamış səyahət istiqamətləri təklif edən tendensiyadır. Bunlar şəhərlər, milli parklar, ya da oxşar və daha populyar turizm yerlərini təkrarlayan, hətta onları üstələyən ölkələr ola bilər.

“Azərbaycanın paytaxtı Bakı getdikcə daha çox Dubayın dəbdəbəsinə alternativ kimi görünür. Dubay kimi Bakı da sürətli inkişaf yolu keçib və heyranedici müasir arxitekturaya malikdir. Bakıda həm də tarixi dərinliyi müasir estetika ilə birləşdirən və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş, yaxşı qorunan İçərişəhəri var. Dubay kimi Bakı da yüksək səviyyəli qonaqpərvərliyi ilə tanınır, lakin daha zəngin mədəni təcrübə təqdim edir. Şəhər canlı caz səhnəsinə, 12-ci əsrə aid qədim tarixi sərvətlərə və müxtəlif kulinariya landşaftına ev sahibliyi edir”, – deyə tədqiqatda bildirilir.

“Destination Dupes” siyahısında birinci yerdə Barselonaya alternativ kimi Valensiya gəlir. Reytinqi Malayziyanın Kuala Lumpur şəhəri (Sinqapura alternativ), Monreal (Paris və Nyu-Yorka alternativ) və Sietl (Vankuverə alternativ) davam etdirir.


Bakı həmçinin “Instagram”da ən məşhur “dupe” məkana çevrilib və haqqında paylaşılan 34,8 milyon postla sosial şəbəkədə birinci yeri tutur. İkinci yerdə Taylandın Çianqmay şəhərinə alternativ kimi Kolumbiyanın Medellin şəhəri (33,4 milyon paylaşım) gəlir, üçüncü yerdə isə Valensiya (29,6 milyon post) qərarlaşıb.

Bakı, 2,4 postla “TikTok”da da birinci yerdədir və bu, onun qlobal səhnədə artan profilini əks etdirir. Siyahıda onu Medellin (2,2 milyon paylaşım), Valensiya və Monreal (hər biri 1,3 milyon paylaşım) izləyir.

Oxşar Xəbərlər