“Bakı metropoliteni” QSC-nin yol infrastrukturunda son illər həyata keçirilən yeniliklərə daha biri əlavə olunub.
“QİA.az”ın quruma istinadən verdiyi xəbərə görə, “Nərimanov” elektrik deposunun park yolunda ilk dəfə dəmir-beton çevirici tirlər üzərində mərkəzləşdirilmiş yoldəyişdirici qurğu quraşdırılıb.
Yollarda ağac şpalların dəmir-beton şpallarla əvəz edilməsi Bakı metropoliteninin tarixində yeni eranın başlanğıcıdır. Dəmir-beton şpallar daha uzunömürlü, vibrasiyaya davamlı, xidmət həcmi daha məhdud, istismar xərcləri müqayisədə əsaslı şəkildə azdır.
Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında məsələnin əhəmiyyətini Prezident İlham Əliyev xüsusən vurğulayıb. Bu gün metronun nəinki yeni xətləri, eləcə də istismarda olan sahələri də dəmir-beton şpal və ya konstruksiyalar üzərində qurulur.
Dəmir-beton şpallara keçid 2018-ci ildə “Nərimanov” elektrik deposunun park yollarında başlanılıb. Yeni şpallar “Bakmil” stansiyasının hər iki yolunda, deponun təmir olunmuş baxış qanovlarının davamında da qoyulub. Təkcə 2021-ci ilin ilk rübündə 415, ötən müddət ərzində isə 6000-dən çox ağac şpal dəmir-beton şpal ilə əvəz olunub.
Əsasən, stansiya yolları və xarakterik sahələrdə istifadə olunan yarımşpalların əvəzinə tətbiq edilən dəmir-beton bloklar Bakı metropoliteninin öz istehsalat sahəsində hazırlanır. Bunun üçün Almaniyanın “Vollert” şirkətinin avadanlıqları alınaraq quraşdırılıb, yerli kadrlar və yerli xammaldan istifadə olunmaqla “Made in Azerbaijan” brendinə də töhfə olan məhsul istehsal olunur. Dəmir-beton bloklar “Nərimanov” elektrik deposunda qatarların sınaq yolunda, metropoliten tarixində ilk dəfə yol mənzilində – yeni Bənövşəyi xəttin “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən elektrik deposu-Avtovağzal” mənzillərində, “Xətai”, “Cəfər Cabbarlı” stansiyalarının əsaslı təmir edilmiş stansiya yollarında tətbiq edilib.
Dəmir-beton şpalların tətbiqinə “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi kompleks yanaşaraq, yolun üstquruluşu elementlərinin yeniliklərinin daha da modelləşdirilməsinə üstünlük verib. Yoldəyişdirici qurğularda yeni layihə işə salınıb. Bunun məqsədlə ilk əvvəl metropolitenin yol mütəxəssisləri R-50 tipli 1/5 markalı yoldəyişdirici qurğunun stendini qurublar. Bu təşəbbüs Ələt qəsəbəsində yerləşən dəmir-beton şpallar zavodunda yoldəyişdirici qurğuların çevirici tirlərinin istehsalı üçün texniki bazanın yaranmasında əhəmiyyətli rol oynayıb. Həmin stend və təqdim edilən cizgilər əsasında dəmir-beton çevirici tirlərin istehsalı başlanılıb. Zavodda Bakı metropoliteninin sifarişi ilə hazırlanan ilk çevirici tir dəsti “Nərimanov” elektrik deposunun park yollarında mərkəzləşdirilmiş yoldəyişdirici qurğusunda tətbiq edilib.
Dəmir-beton çevirici tirlər eyni cinsli şpallara xas olan bütün üstünlüklərə malikdir. Onların tətbiqi qatarların yoldan çıxma ehtimalını xeyli aşağı salır, istismar şərtlərini daha sərfəli və səmərəli edir, nəzarət-qulluq mexanizmlərini sadələşdirir. Onlar təbii hava şəraitində, iqlim dəyişkənliyində davamlı, dağılmaya qarşı yüksək müqavimətə malikdir.
Bu, pandemiya dövründə tətbiq edilən yeniliklərdən biridir. Qeyd edək ki, istismarda olan yollarda daha proqressiv və gələcək hədəflərə uyğun olan ballastsız yola keçmək böyük çətinliklərə bağlıdır. Məsələn, bir yoldəyişdirci qurğunun ballastsız əsas üzərində qoyulmasına ən azı ayyarım vaxt tələb olunur. Mərkəzləşdirilmiş yoldəyişdirici qurğularda buna imkan yalnız yollarda aparılan əsaslı təmir işləri, habelə pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimi dövründə sərnişindaşıma prosesinin dayandırılması səbəbindən mümkün olub.
Beləliklə, Bakı metrosunun istismar sahələrində ballastsız əsas üzərində quraşdırılan ilk mərkəzləşdirilmiş yoldəyişdirici qurğu qoyulub.