Bakı metrosu üçün alınan yeni vaqonların sayı açıqlanıb

2019-cu ilin oktyabr ayında Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsi ilə bağlanmış müqaviləyə əsasən, ötən il 20 vaqon alınmaqla vaqon parkındakı müasir tipli vaqonların sayı 75-ə çatdırılıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vaqonlarda yeraltı yolların ağır hidrogeoloji şəraiti, eləcə də Bakı metropoliteninin mürəkkəb xüsusiyyətlərini nəzərə alan konstruktiv dəyişikliklər edilib. Bütün vaqonlar dartı mühərriki, qəza, sürüşmə, yanğın əleyhinə ən müasir sistemlər, Bakının iqlim şəraitinə hesablanmış kondisioner və avtomatik tənzimlənən mikroiqlim nəzarəti sistemi ilə təchiz edilib.

“Qlobal işlərdən biri də yolun üst quruluşu elementlərinin müasir texnologiyalara müvafiq olaraq ballastsız əsaslar üzərində qurulması, park yollarında taxta şpallar əvəzinə dəmir-beton şpallardan istifadə olunmasıdır. Yolların dəmir-beton blokları metronun öz istehsalat bazasında hazırlanır.

Burada Almaniyanın “Vollert” şirkətinin quraşdırdığı yeni sexdə yerli mütəxəssislər çalışır və yalnız yerli xammaldan istifadə olunur.

Sahə təkcə 2020-ci ilə 1198 dəmir-beton blok istehsal edib. Onlardan “Bənövşəyi” xəttin “Memar Əcəmi-8 Noyabr”, “Xocəsən-Avtovağzal” sahələrində olduğu kimi “Xətai” və “Cəfər Cabbarlı” stansiyalarının əsaslı təmiri işləri zamanı da istifadə olunub.

Bir neçə ildir ki, “Nərimanov” elektrik deposunun park yollarında taxta şpalların dəmir-beton şpallarla əvəz edilməsi davam edir. İndiyə kimi depo yollarında 2000-dən artıq dəmir-beton şpal qoyulub”, – məlumatda qeyd olunub.

Oxşar Xəbərlər