Bakı və Azərbaycanın Yepiskopu Aleksiy Dövlət Komitəsində olub

İyulun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev Bakı və Azərbaycan yepiskopu Aleksiy (Smirnov) ilə görüşüb.

QİA.az xəbər verir ki, bu barədə Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Sahib Nağıyev Azərbaycandakı dinlərarası harmoniya, eləcə də multikultural və tolerant dəyərlərə verilən önəmdən, dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, ölkəmizdə fəaliyyət göstərən müxtəlif konfessiyalara mənsub dini qurumlara Prezident İlham Əliyevin Sərəncamı ilə hər il maliyyə yardımının edilməsi onların fəaliyyətini dəstəkləməklə yanaşı, cəmiyyətdə etnik-dini müxtəlifliyin qorunması və multikultural dəyərlərin daha da inkişafına töhfə verir.

Bakı və Azərbaycan yepiskopu Aleksiy qeyd edib ki, etnik, dini dözümsüzlüyün tüğyan etdiyi dünya fonunda dini icmalara qarşı münasibətdə ayrı-seçkiliyin olmaması, onların inkişafı üçün dövlət tərəfindən münbit şəraitin yaradılması Azərbaycanı fərqləndirən başlıca xüsusiyyətlərdəndir. Ölkəmizdə çalışmaqdan çox məmnun olduğunu deyən qonaq yerli mədəniyyətlə daha da yaxından tanış olmaq, Azərbaycanın adət-ənənələrini və dilini öyrənmək istəyini ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, Aleksiy (Smirnov) bu il mayın 30-da Moskva və Bütün Rusiya Patriarxı Krillin və Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun qərarı ilə Bakı və Azərbaycan Yeparxiyasına yepiskop təyin edilib.

Oxşar Xəbərlər