Bakı və bölgələrdə şəhid ailələri və müharibə əlillərinə 50 mənzil və fərdi ev verilib-FOTO

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Ramana, Kürdəxanı qəsəbələrində, Abşeron, Samux, Yevlax, Biləsuvar, Masallı, Bərdə, Saatlı rayonlarında və Naxçıvan şəhərində daha 50 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

QİA.AZ xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək proqramının icra olunduğunu bildirib.

Qeyd olunub ki, sosial dəstək paketinin mühüm istiqamətlərindən biri – şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı İkinci Qarabağ müharibəsindən sonra 5 dəfə genişlənib. 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.

Mənzillə təminat tədbirlərinin davamı kimi bu gün Bakı və bölgələrdə daha 50 mənzil və fərdi ev təqdim edilir. 44 günlük Vətən müharibəsindən sonra 4 min 560, ümumilikdə ötən dövrdə 13 min 360 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Dövlət başçısının tapşırığı ilə bu il şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ən azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

Mənzillərlə təmin edilən vətəndaşlar daim dəstəklə əhatə olunduqlarını bildiriblər. Onlar sosial məişət şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə, bu gün isə müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Oxşar Xəbərlər