Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında Memorandum imzalanıb

Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladzenin rəhbərliyi ilə şəhərin nümayəndə heyəti Bakıda səfərdədir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən QİA.AZ-a bildiriblər ki, səfərin ilk günündə qonaqlar İçərişəhərdə tarixi abidələrlə tanış olub, Fəvvarələr meydanını gəziblər.

İyulun 13-də nümayəndə heyəti Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə Eldar Əzizov ölkələrimiz arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Eldar Əzizov bildirib ki, bu gün Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir.

Azərbaycan və gürcü xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Tbilisi meri Kaxa Kaladze bildirib ki, ölkəsində Azərbaycanla münasibətlərə xüsusi önəm verilir. O, Bakıda göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, bu səfərin Bakı və Tbilisi şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.

Nümayəndə heyətinin rəhbəri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildirib.

Sonra Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında Memorandum imzalanıb və xatirə hədiyyələri təqdim olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze iştirak ediblər.

Səfər çərçivəsində Tbilisi şəhərinin nümayəndə heyətinin üzvləri Bakının görməli yerlərini, o cümlədən Dənizkənarı Milli Parkı gəzəcəklər.

Oxşar Xəbərlər