“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.
Agentlikdən QİA.AZ -a verilən məlumata görə, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.
Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar Agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.
Belə ki, 2021-ci il 7-10 iyun tarixlərində Bakı şəhərinin Nərimanov və Suraxanı rayonları üzrə keçirilən monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqələrinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onlardan bəzilərinin qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.
Həmin qanunsuz heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır:
Nərimanov rayonu üzrə:
1. Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Ş.Mustafayev küçəsində yerləşən, fiziki şəxs Yusubov Calal Usub oğluna məxsus heyvan kəsim məntəqəsi;
2. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyarov küçəsi 17 ünvanında yerləşən, fiziki şəxs Məmmişov İlqar Oqtay oğluna məxsus heyvan kəsim məntəqəsi;
3. Bakı şəhəri, Nərimanov rayonu, Yusif Çəmənzəminli küçəsi 123 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Bəhruz Sovet oğluna məxsus heyvan kəsim məntəqəsi;
4. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 36 ünvanında yerləşən, fiziki şəxs Hümmətov Əsəd Eldar oğluna məxsus heyvan kəsim məntəqəsi.
Suraxanı rayonu üzrə:
1. Bakı şəhəri, Suraxanı rayonu, Komsomolskiy dairəsi, N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Əmirov Sərvər Abas oğluna məxsus heyvan kəsim məntəqəsi;
2. Bakı şəhəri, Suraxanı rayonu, Ə. Mehbalıyev küçəsində yerləşən, fiziki şəxs Namazov Tutcar Abuzər oğluna məxsus heyvan kəsim məntəqəsi;
3. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsi 225 ünvanında yerləşən, fiziki şəxs Ağayev Ərəfsun Ağasəməd oğluna məxsus heyvan kəsim məntəqəsi;
4. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsində ünvanında yerləşən, fiziki şəxs Ağayev Vüsal Ağasəməd oğluna məxsus heyvan kəsim məntəqəsi;
5. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ. Əhlimanov küçəsi 161b ünvanında yerləşən, fiziki şəxs İskəndərov Seymur Firdovsi oğluna məxsus heyvan kəsim məntəqəsi;
6. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi 4a ünvanında yerləşən, fiziki şəxs Fərəcov Nurulla Fərəc oğluna məxsus heyvan kəsim məntəqəsi.
AQTA bəyan edir ki, qanunsuz heyvan kəsimi fəaliyyətinə nəzarətlə bağlı müvafiq orqanlar haqqında qanunvericiliyə uyğun tədbirlər həyata keçiriləcək.
Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.