Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib

Bakıda “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu” keçirilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, forumun işində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Milli Məclisin deputatı Nigar Arpadarai, BMT-ni Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəsi Alesandra Rokosalvo, iş adamları, biznes strukturlarının rəhbərləri iştirak ediblər.

Nazir Muxtar Babayev çıxış edərək bildirib ki, müasir dünyada iqlim dəyişiklikləri çoxsaylı problemlər yaradır və bu problemlər iqtisadiyyata mənfi təsir göstərir. Azərbaycan problemin qlobal xarakter daşıdığını təhlil edib və strategiya hazırlayıb. COP29-un Bakıda keçirilməsi də bu strategiyaya daxildir. Azərbaycanın yaşıl və alternativ enerji mənbələrindən istifadə etməsi üçün böyük potensialı var. Azərbaycan yaxın gələcəkdə Avropanın da yaşıl enerji ilə təmin olunmasında rol oynayacaq.

Mərkəzi Bankın sədri iqlim dəyişikliyi ilə əlaqədar həyata keçirilən tədbirlərin maliyyələşmə məsələlərinə toxunub. Qeyd olunub ki, Azərbaycan yaşıl iqtisadiyyata keçidlə bağlı tədbirləri maliyyələşdirir. Lakin özəl sektor da fəal olmalı, yaşıl keçidlə əlaqədar layihələrdə iştirak etməlidir.

Milli Məclisin deputatı Nigar Arpadarai qeyd edib ki, belə tədbirlər biznes ilə hökumətin bir araya gətirilməsi, strategiyaların birlikdə həyata keçirilməsinə imkanlar yaradır.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəsi Alesandra Rokosalvo, BMT-nin Azərbaycandakı resident əlaqələndiricisi Vladanka Andreyeva ölkəmizin yaşıl enerji potensialından, Avropanın enerji təhlükəsizliyindəki rolundan danışıblar. Qeyd olunub ki, Azərbaycanın digər beynəlxalq tədbirlər kimi COP29-u da uğurla həyata keçirməsi üçün BMT və digər beynəlxalq təşkilatlar Azərbaycana hərtərəfli dəstək verməyə hazırdırlar.

Çıxışlardan sonra forum 4 panel iclası ilə işini davam etdirib. Panel iclaslarında iş adamları, şirkət rəhbərləri, Milli Məclisin deputatları, icra orqanlarının nümayəndələri iştirak ediblər. Həmçinin iqlim dəyişikliyinin iqtisadiyyata təsiri, karbon və digər zəhərli qazın atmosferə atılmasının qarşısının alınması tədbirləri, yeni texnologiyalardan istifadə edərək istehsal prosesində karbonun izinin itirilməsi və digər bu kimi məsələləri müzakirə edilib.

Oxşar Xəbərlər