Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib.
Bu barədə QİA.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.
Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə “Hürkuş” hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.
Tədbirdə müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.
“Hürkuş” təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.
Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.
General-leytenant R.Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.