VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə “Üfüqləri birləşdirərək: “İpək Yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci Panel sessiyası keçirilir.
QİA.az xəbər verir ki, panelə moderatorluğu Azərbaycanın Mərakeşdəki səfiri, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov edir.
Diplomat panel başlamadan əvvəl onun mahiyyəti haqqında qısa məlumat verib. O bildirib ki, İpək Yolu qədim ticarət yoludur, Qərblə Şərq arasında sivilizasiyaların keçidini təmin edib:
“İpək Yolu vasitəsilə diplomatik imkanlar yaranmışdır ki, münaqişələr həll olunsun. İpək Yolu resursların paylanmasına ciddi təsir göstərib”.
Paneldə açılış nitqi ilə çıxış edən Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov isə ilk olaraq ICESCO-ya təşəkkür edib:
“Bu platforma bizə böyük İpək Yolu üzrə fəaliyyəti müəyyənləşdirməyə imkan verir. Bu gün biz tarixin və irsin kəsişməsində yerləşirik. İpək Yolunun əsas rolu haqqında danışarkən Azərbaycanın da buradakı rolunu müəyyənləşdirmək lazımdır. Azərbaycan ticarət yolunun mərkəzində yerləşirdi. Bu gün İpək Yoluna yeni nəfəs verilir və burada mədəni irsin qorunması mühüm məsələdir. Azərbaycan çox sıx şəkildə müxtəlif layihələr üzərində çalışır ki, o layihələr UNESCO mədəniyyət şöbəsi tərəfindən həyata keçirilir. İpək Yolunun mədəniyyətdəki rolu vacibdir”.