Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və “Cavan” Gənclər Hərəkatının təşkilatçılığı ilə “Flora Hostel” Yaradıcılıq məkanında “Art Vibe” İncəsənət Festivalı təşkil olunub.
QİA.az xəbər verir ki, festival 28 May – Müstəqillik gününə həsr olunub, əsas məqsədi isə incəsənətin müxtəlif formalarını bir araya gətirərək, yaradıcılığın sərhədsiz olduğunu göstərmək idi. Tədbirin keçirildiyi məkanda, incəsənət sahəsinə aid olan, “Mandala boşqab boyama”, “Virtaj-Şüşə üzərində rəsm”, “Odun üzərində rəsm” və “Coffee art” vorkşopları keçirilib. Festivalda keçirilən vorkşoplar böyük maraqla qarşılanıb və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. “Mandala boşqab boyama” vorkşopunda iştirakçılar öz daxili sükunətlərini taparaq gözəl mandalalar yaradıblar. “Virtaj-Şüşə üzərində rəsm” vorkşopunda şüşə üzərində rəsm çəkərək işığın və rənglərin harmoniyasını yansıdıblar. “Odun üzərində rəsm” vorkşopunda isə təbiətin gözəlliklərini öz sənətlərinə əks etdiriblər. Və son olaraq, “Coffee art” vorkşopunda isə qəhvə ilə möhtəşəm əsərlər yaradan gənclər yaradıcılığın sərhədsiz olduğunu nümayiş ediblər.
Gənclər bu festivalı, böyük bir ilham mənbəyi olaraq gördüklərini və bu tədbirin gələcəkdə də davam etdirilməsini istədiklərini bildiriblər. Beləliklə, “Art Vibe” İncəsənət Festivalı iştirakçıların yaradıcılıq dolu ruhlarını oyandıraraq, şəhərimizin incəsənətsevərləri üçün unudulmaz bir gün olaraq yaddaşlara həkk olunub.