Bakıda Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun adına park salınır.
Bu barədə QİA.AZ-a Xətai rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, park rayonun Polad Həşimov küçəsində yerləşir:
“Sözügedən park daha əvvələr də olub, hazırda orada tamamilə yenidənqurma və abadlıq işləri aparılır. Burada general Polad Həşimovun abidəsi qoyulacaq. Hələlik abidənin hansı formada olacağı müzakirə olunur. Abidə kompleksinin üzərində digər şəhidlərimizin də adının əbədiləşdirilməsi nəzərdə tutulur
İcra Hakimiyyətindən əlavə olunub ki, parkda aparılan abadlıq işləri çərçivəsində yararsız oturacaq və söhbətgahlar sökülərərək ərazidən daşınıb, yeni suvarma xətlərinin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılıb, həmçinin ağaclar budanıb, səki daşları düzülüb:
“Əhalinin istirahəti üçün söhbətgahların quraşdırılması, yeni oturacaqların qoyulması nəzərdə tutulub. Ərazidə yaşıllıq zolaqları və qazon örtüyü salınacaq, o cümlədən müxtəlif növ ağaclar, yeni dekorativ kollar əkiləcək. İşlərin ən yaxın günlərdə başa çatdırılması və parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur”.