8 Noyabr – Zəfər Günü münasibətilə Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilib.
Yürüşlərdən əvvəl Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Sonra isə hərbi orkestrlərin müşayiəti ilə dörd marşrut üzrə – Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “AMAY” Ticarət Mərkəzi, Şəhidlər xiyabanı, “Alov Qüllələri” Kompleksi, “İçərişəhər” metrosu, İstiqlaliyyət küçəsi, Azneft dairəsi, Bəhram Gur heykəli, Q.Musabəyov parkı, Əbdürrəhim Bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İmadəddin Nəsimi heykəli, Neftçilər prospekti istiqamətləri üzrə hərbçilərin yürüşləri təşkil olunub.
Orkestrlər hərbi vətənpərvərlik mahnıları, marşlar səsləndiriblər.
Hərbi orkestrlərin nümunəvi çıxışları şəhər sakinlərində və qonaqlarda yüksək əhvali-ruhiyyə yaradıb.
Qeyd edək ki, həmçinin Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyənləşdirilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilib.