Bakının Suraxanı rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb

İyl12,2021

“Azərsu” ASC Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə Bakının Suraxanı rayonunda fərdi yaşayış evlərinin və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib.

QİA.AZ” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, sudan qanunsuz istifadə hallarının aşkarkanması məqsədilə yaradılmış xüsusi qrupların araşdırmaları nəticəsində içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

Yeni Günəşli qəsəbəsi, AB massivi, 80 ünvanında həyata keçirilən nəzarət tədbirləri zamanı ət kəsimi məntəqəsində sudan uçotsuz istifadə faktları üzə çıxıb. Məlum olub ki, obyekt sahibi əhali su xəttinə qoşulmaqla 3 müxtəlif nöqtədən özbaşına su xətti çəkib.

Rayonun Dədə Qorqud qəsəbəsində isə ferma və əkin sahəsinin sayğacdankənar çəkilmiş su xətti vasitəsi ilə sulandığı aşkarlanıb. Yoxlama zamanı məlum olub ki, sahibkar texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən su kəmərinə qanunsuz müdaxilə edib. Fakt aşkarlanan kimi əraziyə texnika cəlb edilərək obyektin su təchizatı dərhal dayandırılıb. Sudan qeyri-qanuni istifadə halı sənədləşdirilərək akt tərtib edilib və dəymiş ziyan hesablanıb.

Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində Qum bazarı adlanan ərazidə də içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb. Obyektin sahibləri texniki şərt almaq, müqavilə bağlamaq və qanuni şəkildə sudan istifadə etmək əvəzinə yaxınlıqdakı həyət evlərindən keçən su xətlərinə qeyri-qanuni müdaxilə etməklə kifayətləniblər. Hövsan qəsəbəsi Quşçuluq adlanan ərazidə isə bəzi fərdi yaşayış evlərinə icazəsiz su xətləri çəkilib.

Bütün hallarda qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq özbaşına çəkilmiş qanunsuz xətlər ləğv edilib. Eyni zamanda içməli su şəbəkələrinə qoşulmaq üçün texniki şərtin alınması və qoşulma qaydaları barədə vətəndaşlar və sahibkarlar ətraflı məlumatlandırılıb. Qeyd edək ki, texniki imkanlar nəzərə alınmadan su təchizatı sistemlərinə özbaşına qoşulma halları israfçılıq və itkilərlə yanaşı, yaşayış məntəqələrinin içməli su təchizatının dayanıqlığını pozur və bəzi abonentlərin su təminatını pisləşdirir.

Bu ilin I yarısında sudan qanunsuz istifadə ilə bağlı Suraxanı rayonu üzrə isə 493 fakt aşkarlanıb və 135 min kubmetr həcmində sərfiyyat bərpa olunub.

Oxşar Xəbərlər