Pandemiya ilə mübarizədə tövsiyələr müəyyən qədər işə yarasa da, cərimələr və məhdudiyyətlər daha çox effektiv olur.
“QİA.az” xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində həkim Turanə Rəsulova deyib. O bildirib ki, Britaniya ştammından sonra müəyyən sahələrdə yenidən məhdudiyyətlər və cərimələr tətbiq edilməlidir:
“Bayram günlərində vətəndaşlar regionlara səfər planlarını təxirə salmalıdır. Çünki Britaniya ştammı regionlara yayılarsa, onun qarşısını almaq, həqiqətən, çox çətin olacaq. Həmçinin dövlət tərəfindən də inzibati tədbirlərin görülməsi məqsədəuyğun olar. Bakıya giriş-çıxış məhdudlaşdırılmalı, insanların sıx toplaşmasının qarşısı alınmalıdır. Hazırda ən ciddi problem ictimai nəqliyyatdakı sıxlıqdır.
Britaniya ştammının yayıldığı bir zamanda insanların avtobusda sıx təmasda olması çox təhlükəlidir. Bunun çarəsi mütləq tapılmalıdır, ya avtobus sayı artırılmalı, ya da sərnişinlərin ayaqüstə durması qadağan edilməlidir. Bundan başqa iş yerlərində iş sayı azaldıla və ya növbəli iş rejiminə keçilə bilər.
Onu da qeyd edim ki, 0-9 yaş qrupu üçün bu virus təhlükəli deyildi, lakin Türkiyədə Britaniya ştammının yayılmasından sonra uşaqlar arasında bu xəstəliyi ağır keçirənlər və xəstəxanada müalicə alanlar oldu. Təhsil önəmli olsa da, ən vacib insan həyatıdır. Buna görə təhsil sahəsində məhdudiyyətlər tətbiq edilə bilər, yəni distant təhsilə yenidən keçid baş verə bilər”.
T.Rəsulova onu da qeyd edib ki, hər ölkə karantin məhdudiyyətlərini özünə xas olan formada tətbiq etməlidir:
“Hər ölkədə vətəndaşların həyat tərzinə uyğun məhdudiyyətlər və qadağalar tətbiq edilməlidir. Məsələn, Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin çölə çıxmasına qadağa qoyulması düzgün deyil. Çünki onların bir çoxu yalnız yaşamır və ailə üzvlərindən kimsə onsuz da gündəlik çölə çıxır. Bu səbəbdən hər ölkənin özünün spesifik proqramı hazırlanmalıdır.
QİA.az