Balakənli fermerlər 6942 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər

Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında əsas yerlərdən birini tutur. Bu il rayonun fermerləri 6942,7 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər. Bundan əlavə, təsərrüfatçılar cari ildə 230 hektar sahədə təkrar qarğıdalı da əkiblər.

Rayonun Qazma, Gərəkli və Şərif kəndlərinin təsərrüfatlarında bir neçə gündür qarğıdalı yığımına başlanılıb. İlk günlər 200 hektaradək sahənin məhsulu yığılıb, 1300 ton dən qarğıdalı istehsal olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 65 sentner təşkil edir.

QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Qurum rəsmisi bildirib ki, Qazma kəndindən olan fermer Elmar Məmmədov bu il 100 hektar sahədə qarğıdalı əkib. İndiyədək həmin təsərrüfatda 40 hektar sahənin məhsulu yığılıb, 264 ton dən qarğıdalı istehsal olunub.

Gərəkli kəndindən fermer Abakər Muradovun təsərrüfatında isə qarğıdalı yığımı qısa müddətdə başa çatdırılıb. Fermer builki mövsümdə 20 hektar qarğıdalı sahəsindən 130 ton məhsul götürüb.

Qeyd edək ki, hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır. Ötənilki mövsümdə balakənli fermerlər 7 min 819 hektar sahədən 52 min 332 ton dən qarğıdalı tədarük ediblər. Hər hektardan orta hesabla 66,9 sentner məhsul götürülüb.

Oxşar Xəbərlər