Banqladeşdə etirazlar davam edir, hakimiyyət mobil interneti kəsib

Artıq bildirildiyi kimi, Banqladeşdə dövlət vəzifələrinə kvota sisteminə qarşı tələbələrin etirazları başlayıb və bu həftə aksiyalar ən azı 6 nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olub.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu gün polis Banqladeşdə etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Səlahiyyətli orqanlar müxtəlif şayiələrə və sosial şəbəkələrdə yaranan qeyri-sabit vəziyyətə görə bəzi mobil internet xidmətlərini dayandırmalı olublar. Bu barədə jurnalistlərə dövlət informasiya-kommunikasiya texnologiyaları naziri Zunaid Əhməd Palak bildirib.

Gənclər arasında işsizliyin yüksək həddindən qəzəblənən tələbələr (170 milyon əhalisi olan ölkədə təxminən 32 milyon insanın işi və ya təhsili yoxdur) 1971-ci ildə Banqladeşdə istiqlal müharibəsində iştirak edən veteran ailələri üçün rezervasiyaların 30 faizlik kvotasının ləğv edilməsini tələb edirlər.

Dəkkədə bir neçə yerdə iğtişaşların qarşısını alan polis əməkdaşları ilə etirazçılar arasında şiddətli toqquşmalar başlayıb.

Səlahiyyətli orqanlar bütün dövlət və özəl universitetlərini çərşənbə günündən etibarən qeyri-müəyyən müddətə bağlayıblar və asayişi qorumaq üçün universitet şəhərciklərinə polis bölmələri və hərbiləşdirilmiş sərhəd mühafizə dəstələri göndəriblər.

Baş nazir Şeyx Hasina çıxışında polisin etirazçıları dağıtmaq üçün güllə və gözyaşardıcı qaz tətbiq etməsindən sonra hökumətin ölümləri araşdırmaq üçün məhkəmə komissiyası yaradacağına söz verib. O əlavə edib ki, avqustun 7-də Ali Məhkəmə hökumətin Ali Məhkəmənin 1971-ci il müharibəsinin döyüşçüləri üçün 30 faizlik rezervasiyanın bərpa edilməsini tələb edən qərarına etirazını araşdıracaq.

“Amnesty International” kimi hüquq müdafiəsi təşkilatları, eləcə də BMT və ABŞ Banqladeşi dinc etirazçıları zorakılıqdan qorumağa çağırıblar.

Oxşar Xəbərlər