Banqladeşin Baş naziri Şeyx Hasinanın istefasından sonra ölkədə müvəqqəti hökumət formalaşdırılacaq.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Dhaka Tribune” qəzeti bu barədə Banqladeş Silahlı Qüvvələrinin Baş komandanı general Vaker-Uz-Zamana istinadla məlumat yayıb.
“Bütün siyasi partiyalarla səmərəli müzakirələrdən sonra müvəqqəti hökumət formalaşdırmaq qərarına gəldik”, – deyə nəşr ordu komandanından sitat gətirib.
Qeyd edək ki, iyulun əvvəlində Banqladeşdə kütləvi etirazlar başlayıb. Əvvəlcə dinc xarakterli aksiyalar sonradan 300-dən çox insanın ölümü ilə nəticələnən iğtişaşlara çevrilib. Hökumət isə buna cavab olaraq paytaxtda komendant saatı tətbiq edib, rabitə əlaqəsini kəsib və televiziya kanallarını bağlayıb. Hüquq-mühafizə orqanları hadisələrlə əlaqədar minlərlə fəalı həbs edib.
Bazar günü tələbə hərəkatının hakimiyyətlə əməkdaşlıqdan imtina etməsindən sonra paytaxt Dəkkədə və bütün ölkə ərazisində etiraz və nümayişlərin yeni dalğası başlayıb.
Şeyx Hasina iğtişaşlar fonunda istefa verərək paytaxt Dəkkədəki rəsmi iqamətgahını tərk edib. Hazırda Hindistanda olan Baş nazirin Britaniyadan sığınacaq istədiyi bildirilir.