Banqladeş dövlət quruculuğunda beynəlxalq ictimaiyyətin dəstəyinə və əməkdaşlığına ehtiyac duyacaq.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu respublikanın müvəqqəti hökumətinin xarici işlər naziri Touhid Hüseyn deyib.
“Milli dövlət quruculuğu səylərimizin bir hissəsi kimi beynəlxalq ictimaiyyətin dəstəyinə və əməkdaşlığına ehtiyacımız var. Müvəqqəti hökumət formalaşdıqdan sonra beynəlxalq tərəfdaşlarımızın müsbət və konstruktiv bəyanatlarını yüksək qiymətləndiririk”, – deyə nazir qeyd edib.
Bildirib ki, respublikanın yeni hakimiyyət orqanları bütün ölkələrlə dostluq münasibətlərini qarşılıqlı hörmət və ümumi maraqların anlaşması ruhunda inkişaf etdirəcək. O əlavə edib ki, Dəkkə beynəlxalq təşkilatlarla, o cümlədən BMT ilə əlaqələri davam etdirəcək.