Azərbaycanla Türkiyənin dostluğu və qardaşlığı sayəsində birgə həyata keçirilən layihələr regionun inkişafında və Avropa ilə Asiya arasında enerji və kommunikasiya dəhlizinin yaradılmasında böyük rol oynayır.
QİA.az-ın xəbərinə görə, bunu Azərbaycanın Baş naziri Əli Əsədov paytaxt Ankarada keçirilmiş Türkiyə – Azərbaycan biznes forumunda deyib.
Baş nazir bildirib ki, Bakı – Tbilisi – Ceyhan, Bakı – Tbilisi – Ərzurum boru kəmərləri, TANAP, Bakı – Tbilisi – Qars (BTQ) layihələri Türkiyə ilə Azərbaycanın birgə ən uğurlu layihələrindəndir: “Mayın 25-də açılacaq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunda yükdaşımaların həcmi artırılacaq”.
Əli Əsədov iki tərəfli formatda həyata keçirilən layihələrə qarşılıqlı olaraq milyardlarla dollar həcmində sərmayələr qoyulduğunu açıqlayıb:
“Bu gün biz münasibətlərimizə uzunmüddətli və strateji yanaşmalarla baxırıq. Həm Azərbaycan, həm də Türkiyə hökumətləri bütün sahələrdə əməkdaşlıq üçün birgə fəaliyyətlərə hazırdırlar”.