“Ölkədəki əlverişli epidemioloji vəziyyəti əsas götürərək, vətəndaşların, xüsusilə gənclərin çoxsaylı müraciətlərini nəzərə alaraq, 2021-ci ilin iyulun 1-dən etibarən xüsusi karantin rejiminin qəbul olunmuş qaydalarına uyğun olaraq şənlik mərasimlərinin keçirilməsinə icazə verilib”.
“QİA.AZ” xəbər verir ki, bunu baş nazir baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədov keçirdiyi Qərargahın geniş tərkibdə respublika müşavirəsində deyib.
Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qruplarının Bakı şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında fəaliyyət göstərən şənlik mərasimləri təşkil edilən obyektlərdə apardıqları nəzarət tədbirləri nəticəsində, eləcə də Operativ Qərargaha ictimaiyyət nümayəndələrindən daxil olan çoxsaylı müraciətlərdən məlum olur ki, şənliklər bütün hallarda “İctimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər” və “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda müəyyən olunmuş tələblərə uyğun şəkildə keçirilmir.
Qeyd edilib ki, əsasən Bakı şəhərinin şənliklər təşkil olunan obyektlərində əksər hallarda qaydalara əməl olunur. Bununla belə: qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbi tətbiq olunmur.
Oxşar hallar respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır. Belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur.
Vurğulanıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri, vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Baş nazir Operativ Qərargahın üzvlərinin, şəhər və rayon rəhbərlərinin, nəzarətedici strukturların nümayəndələrinin nəzərinə bir daha çatdırıb ki, əhalinin sağlamlığı ilə bağlı tədbirlərin tətbiqinə şəxsi məsuliyyət daşıyırlar.
Müzakirələrin gedişində şənlik mərasimlərinin keçirilməsi zamanı tələb olunan qaydalara əməl olunması və daha səmərəli nəzarətin həyata keçirilməsi üçün təkliflər səsləndirilib.
Qeyd olunub ki, gənclərin, şənlik mərasimi sahiblərinin həyatlarının ən sevincli və yaddaqalan gününün inzibati müdaxilələrlə pozulması arzuolunmazdır və Operativ Qərargah belə müdaxilələrlə şənlik mərasimlərinin dayandırılmasının tərəfdarı deyil.
Operativ Qərargah belə arzuolunmaz müdaxilələrə yol verilməməsi üçün vətəndaşları şənlik mərasimləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırır.