Noyabrın 18-19-da Avropa Prokurorlarının Məşvərət Şurasının videorejim formatında 15-ci plenar iclası keçirilib.
QİA.AZ xəbər verir ki, bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
İclasda ekspert qrupu tərəfindən “Prokurorların fövqəladə hallarda, xüsusilə pandemiya dövründə rolu” adlı 15 saylı Rəy müzakirə edilərək qəbul edilib.
Rəydə fövqəladə vəziyyətlərdə insan hüquq və azadlıqlarının qorunması, pandemiya dövründə prokurorluğun normal fəaliyyətinin təşkili və rast gəlinən çətinliklərin aradan qaldırılması, bu sahədə beynəlxalq əməkdaşlıq və sair tövsiyələr nəzərdə tutulub.
İclasda ölkəmizi təmsil edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov çıxış edərək Ermənistanın Azərbaycana qarşı təcavüzü, otuz ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edildiyi, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ərazi bütövlüyünü bərpa etdiyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkə rəhbəri İlham Əliyevin siyasətinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanlarında da genişmiqyaslı islahatlar aparılıb, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun strukturu mahiyyətcə tamamilə yenidən qurulmuş, yeni idarələr yaradılmaqla ümumilikdə idarə və şöbələrin sayı 18-ə çatdırılıb.
Həmçinin koronavirus pandemiyası dövründə ölkəmizdə görülən sosial, hüquqi və preventiv tədbirlər haqqında, bu müddət ərzində prokurorluğun fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.
Plenar iclasın sonunda İspaniyanın təmsilçisi Antonio Verşer Noquera Şuranın növbəti il üçün prezidenti, Niderlandın nümayəndəsi Han Moraal isə vitse-prezident vəzifəsinə seçilib.
Məlumat üçün qeyd edək ki, Avropa Prokurorlarının Məşvərət Şurası (CCPE) dövlətin cinayət ədliyyəsi sistemində və qanunun aliliyinin qorunmasında prokurorların müstəsna rolu və Avropa Şurasına üzv dövlətlərin prokurorları arasında əməkdaşlığın vacibliyi nəzərə alınaraq 2005-ci ilin iyul ayında Avropa Şurası Nazirlər Komitəsinin qərarı ilə təsis edilib.