Müdafiə nazirinin tapşırığına əsasən Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrdə olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun Baş Qərargah rəisi birləşmənin qərargah heyəti və hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olub, yeni istifadəyə verilmiş yeməkxanaya baxış keçirib.
Baş Qərargah rəisi Ermənistanla dövlət sərhədində 3400 metrədək hündürlükdə xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb, komanda-müşahidə məntəqəsindən qarşı tərəfin fəaliyyətini izləyərək döyüş növbətçiliyinin təşkili və aparılması ilə bağlı əlavə göstərişlər verib.
Hərbi qulluqçularla birlikdə nahar edən Baş Qərargah rəisi onların qayğıları ilə maraqlanıb, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara Müdafiə naziri adından qiymətli hədiyyələr təqdim olunub.