Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən biri Xanəli Kərimlidir. Onun yaradıclığının əsas, başlıca səciyyəsi, ideyası Azərbaycanın bütövlük idealına böyük inamdır. Bu mənada istedadlı şair və ədəbiyyatşünas kimi tanınan Xanəli Kərimlinin yaradıcılığı vətən üzərinə yazılmış ən qiymətli əsərlər sırasındadır. Kiçik lirik şeirlərdən savay yazdığı bir neçə poeması da şairin ədəbi mühitdə tanınması və geniş şöhrət qazanmasına stimul olub. Bu poemaların da əsas məğzi, məsələsi Vətənin bütövlüyü, dərdi-səri, qayğılarından ibarətdir. Vətənin bütövlük idealına inam onun yaradıcılığının başlıca məğzi, əsas motivi, qüvvətli ideyasıdır.
Ömrünü Vətən topaqlarının bütövlüyü arzusuna həsr edən istedadlı şair kiçik şeirlərindən tutmuş iri poemalarına qədər yazdığı əsərlərdə Vətənin bütövlüyü ideyasına inam bəsləmişdir. Bu mənada şairin “Bütövlük” poeması da digər poemalarındakı mövzuları izləyərək daha konkret şəkildə Azərbaycanın bütövlüyü məsələsini ideyasına çevirir. Yenə də Şəhidlər xiyabanından milli-mənəvi məsələlərə boylanaraq baxan şair Azərbaycanın bütövlüyü ideyası işığında daha vacib məsələ olan milli-mənəvi bütövlük məsələsinə diqqəti ayırır. Lirik poema olan əsərdə əvvəlki əsərinin davamı olaraq çağırış ruhu güclüdür. Hər bir vətənpərvər insanı milli birlik naminə həmrəyliyə, millət, vətən naminə əməli vahidliyə dəvət edir. Şəhid məzarlarından səslənən şair özünü fəda edənlərin yarımçıq qalmış əməllərini bütövlüyə çağıran haqq carçısı təsiri bağışlayaraq elin, vətənin və onun gələcəyinin səsini çatdırır. Bu səsi diqqətə çatdıran şair onun bütün Azərbaycanın səsi olduğuna inandırır:
…Arazımın, Kürümün
Nərəsidir, cəngidir.
Dərdi özündən böyük
Azərbaycan xalqının
Azadlıq çələngidir.
1997-ci ildə yazılan poema 20-21 yanvar tarixlərində Şəhidlər xiyabanında şəhidlərin məzarını ziyarət edərkən şairin qəlbindən keçən duğular kimi baş qaldıraraq poetik ifadəyə çevrilib.
Vətən topaqlarının azadlığı və bütöyülüyünə inam hissi istedadlı şairimizin arzularını çin çıxarmaqla ona taleyin böyük bəxşişi kimi oldu. 2020-ci ilin sentyabr ayından noyabrın 10-na qədər davam edən 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi və yenilməz Milli Ordumuzun rəşadətli, qəhrəmanlıqla döyüşləri böyük zəfərlə tamamlandı. Xanəli Kərimlinin ideya-mənəvi gücünə görə böyük əhəmiyyət daşıyan poemalarından digəri son dövrlərdə – 2020-ci ilin oktyabrında (25-29) ölkəmizin işğal edilmiş ərazilərinin azad olunması çağırışı ilə yazdığı “Bayrağını uca qaldır, Ana Vətən” lirik poemasıdır. Çox az-az istifadə edilən 20-lik heca sistemindən istifadə edən şair fikirlərinin ifadəsinə ağırlıq və ciddiyyət çökdürə bilib. Poema Qarabağa müraciət formasında yazılıb və bunun üzərində qurulub.
Azərbaycan bir üzüksə, o üzüyün qaşı sənsən, Qarabağım,
Azərbaycan bir bədənsə, o bədənin başı sənsən, Qarabağım,
Azadlığın, enməzliyin əfsanəvi yaşı sənsən, Qarabağım.
Həm kədərli, həm sevincli gözümün də yaşı sənsən, Qarabağım.
Sənsiz mənim ürəyim də para idi, yara idi, Qarabağım,
Sənin belə quru adın dərdlərimə çarə idi, Qarabağım.
İllərdir ki, şeytanlığın, iblisliyin beşiyində dustaq idin,
Sinəmizə çalın-çarpaz çəkdirilən bir dağ idin, Qarabağım.
Əsərdə şair öz dəsti-xəttinə uyğun olaraq yenə də Qarabağın timsalında Azərbaycanın vətən torpaqlarının parçalanması səbəblərinə nəzər salır, içəridəki milli problemləri dilə gətirir, qayğıları ifadə edir. Millətin ucalığını, onun humanizmini, mənəvi zənginliyini sui-istifadə edən düşmən xislətli millətlərin əməlləri də göz önünə sərirlərək ikrah etdirilir. Sonunda Azərbaycan xalqının milli oyanışı, birliyi və qeyrəti qarşısında “cılız, aciz” qalan xəstə millətin aqibətini də göstərir. Poemada Qarabağ probleminin poetik tarixnaməsini müşahidə edirik. Şair Xanəli Kərimli sanki yeni bir “Qarabağnamə” yazır poetik dillə. Şair Qarabağa olan vətəndaş məhəbbətini bütün mahiyyəti və dolğunluğu ilə ifadə edə bilir:
Qarabağım!! Qarabağım!! İftixarım, şərafətim, baş tacımsan!!
Azadlığım, ucalığım, enməzliyim, əbədilik amacımsan, əlacımsan.
Səndən ötrü qan tökmüşük tarix boyu nəsil-nəsil, fəsil-fəsil,
Səndən ötrü qan tökürük bu gün də biz şəhid-şəhid, əsil-əsil.
Poemanın sonu uğurlu bir çağırışla bitir, əvvəlki əsərlərində olan kimi xalqını, millətini milli birlik və həmrəyliklə azadlıq və bütövlük amalına səsləyir, işğal edilmiş torpaqlarını azad etməyə səsləyir. Bunu əvvəllər yazdığı misralarla birləşdirərək ideya tamlığı, birliyi kontekstində zamanın çağırışı kimi ümumiləşdirərək ifadə edir:
Bayrağını uca qaldır, ana Vətən, indi meydan, söz sənindir,
Sən Tanrıdan yaranmısan, Tanrı köklü bütün Turan Vətənindir!!..
Bütün tarix sədlərini əbədilik qırmaq üçün, enmək üşün,
“ Vətəninin sərhədinə, son həddinə, son səddinə dönmək üçün,
Zaman döyür qapımızı,
yaman döyür qapımızı,
yaman döyür qapımızı!!!”
RAMİZ QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsinin şöbə müdiri