“BDU könüllüləri” təşkilatının nəzdində fəaliyyət göstərən “Math-Physics” klubunun təşkilatçılığı, Mexanika-riyaziyyat və Fizika fakültələrinin müəllim və tələbələrinin iştirakı ilə 14 Mart – Beynəlxalq Pi Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə QİA.az-a Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. Bildirilib ki, Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev və Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev tələbələrə Pi ədədinin önəmindən danışıblar. Qeyd ediblər ki, Pi ədədinin ən çox istifadə olunan yuvarlaqlaşdırılmış qiyməti 3,14-dür. Bu gün ilk dəfə 1988-ci ildə fizik Larri Şounun San-Fransiskodakı “Exploratorium” elm muzeyində qeyd olunub. 2009-cu ildə ABŞ Konqresinin Nümayəndələr palatası riyaziyyat və elmə marağı daha çox stimullaşdırmaq üçün hər il martın 14-nü Beynəlxalq Pi Günü elan edib. Pi çevrənin uzunluğunun onun diametri ilə nisbətinə bərabər olan riyazi sabitdir.
Sonra “Math-Physics” klubunun sədri Elvira Hüseynzadə, Mexanika-riyaziyyat və Fizika fakültələrinin I kurs tələbələri Reyhan Əsədullayeva, Aydan Rüstəmova “Pi ədədinin yaranma tarixi”, “E ədədi” mövzularında təqdimatlar ediblər.
Tədbirdən sonra tələbələr arasında intellektual yarış keçirilib və qaliblərə sertifikatlar təqdim olunub.