Bakı Dövlət Universitetində (BDU) Azərbaycan İstiqlal Muzeyinin dəstəyi ilə “Narkomaniyaya YOX deyək!” adlı tədbir keçirilib. Tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində baş tutub.
Tədbirin keçirilməsində əsas məqsəd gənclərin narkomaniya haqqında maarifləndirilməsi, yeniyetmələr və gənclər arasında təbliğatın aparılması və sağlam həyat tərzinin qorunub saxlanılmasıdır.
Tədbirdə Mexaniki-riyaziyyat fakültəsinin fakültəsinin dekanı Ziyatxan Əliyev, dekan müavini Etibar Əhmədov narkomaniyanın cinayətkarlığa, zorakılığa yol açdığını, hazırda ciddi qlobal problemə çevrildiyini, narkotik vasitələrdən istifadə edən şəxslərin özlərini uğurlu gələcəkdən məhrum etdiklərini iştirakçıların diqqətinə çatdırıblar.
Azərbaycan İstiqlal Muzeyinin elmi işçisi Ramida Mamedova çıxış edərək Muzeydə narkomaniya ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi və bu mövzuya göstərilən diqqətin vacibliyindən söz açıb.
Bakıxanov İnklüziv Təhsil Mərkəzinin rəhbəri, psixoloq Ayşən Səmədovaya ölkədə narkotiklərin qanunsuz dövriyyəsindən, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvlərinin mübarizəsindən və maarifləndirmə tədbirlərinin mütəmadi olaraq təşkilindən danışıb.
Tədbir zamanı psixoloq tərəfindən tələbələr üçün proektiv metodika keçirilib.