BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində tanınmış jurnalist, yazıçı-publisist, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həzi ilə tələbələrin görüşü keçirilib.

QİA.az xəbər verir ki, bu barədə BDU-nun mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə fakültənin dekanı Vüqar Əliyev qonağın həyat və yaradıcılığı ilə bağlı tələbələri məlumatlandırıb, onun ölkəmizdə klassik, analitik jurnalistikanın əsas nümayəndələrindən olduğunu qeyd edib.

Sonra söz qonağa verilib. Bahəddin Həzi jurnalist peşəsinin məsuliyyətli peşə olmasını vurğulayaraq, tələbə-jurnalistləri bu sahədə operativ, dəqiq, vicdanlı olmağa səsləyib. O, eyni zamanda peşəkar jurnalistin üzərinə düşən öhdəlikləri, jurnalistikanın əsas prinsiplərini tələbələrin diqqətinə çatdırıb: “Əsl jurnalist təkcə şahidi olduğu hadisəni xəbərə çevirən deyil, həm də müəllifi olduğu xəbəri hadisəyə çevirə biləndir. Öz xəbərinin təkcə müəllifi deyil, həm də qəhrəmanı olandır. Çox mütaliə, müşahidə edin. İşinizin çalışqan və vicdanlı ustası olun. Onda məşhurluq da, xoşbəxtlik də sizə gələcək”.

Sonda qonaq müəllifi olduğu “Ölümcül həqiqətlər” kitabını tələbələrə hədiyyə edib.

Qeyd edək ki, kitabda müəllifin son illərdə qələmə aldığı publisistik məqalələr, esselər, tanınmış şəxsiyyətlərin portretləri, yol qeydləri, bədii hekayələri, eləcə də “Yadımdakı Qarabağ” poeması yer alıb.

Oxşar Xəbərlər