Bakı Dövlət Universiteti (BDU) aprelin 20-21-də dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində uğura imza atıb.
QİA.Az xəbər verir ki, Universitetin mətbuat xidmətindən verilən məlumata görə, BDU-nun yarışmada iştirak edən 7 komandasının hər biri qalib olub. Belə ki, BDU-nun 2 komandası ( “85 Games Studio və “Humantek”) yarışmada I, 2 komandası (“Bilig” və “Bradenburg”) II, 3 komandası isə (“AiTech Group”, “QuantumTech” və “TechTitans”) III yerə layiq görülüb.
Bu dəfə “Robotex” yarışmasında “Yaşıl sahibkarlıq” kateqoriyasında I yerə layiq görülən “Humantek” komandasının layihəsi ötən il Türkiyədə keçirilən “TEKNOFEST 2023”də III yeri qazanmışdı.
Estoniyada əsası qoyulan “Robotex” festivalı dünyanın ən böyük robot yarışması hesab edilir. “Robotex Türkiyə”də dünyanın 11 ölkəsindən 19 fərqli kateqoriya üzrə 400-dən çox komanda, 2 500-dən artıq iştirakçı yarışırdı. Qalib komandalar “Robotex”in final mərhələsində iştirak hüququ qazanıblar.