Belarus idmançıları Bakıda batutla tullanma üzrə kişilər arasında komanda hesabında qızıl medal qazanıblar

Bakıda keçirilən dünya çempionatının final mərhələsi çərçivəsində batut gimnastikası üzrə kişilərin komanda yarışında 180,690 xal toplayan Belarus gimnastları qızıl medal qazanıblar.

QİA.AZ xəbər verir ki, gümüş medalları Yaponiya komandası (178,335 xal), “bürünc”ü Rusiya komandası (169,550 xal) qazanıb.

Qeyd edək ki, Bakıda Batut Gimnastikası və Tamblinq üzrə 35-ci Dünya Çempionatı noyabrın 18-dən 21-dək keçirilir. Yarışda 33 ölkədən 300-dək gimnast iştirak edir.

4 gün davam edəcək çempionatda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edir. Bundan əlavə, komanda çoxnövçülüyü, eləcə də hər proqram üzrə komanda hesabında qaliblər müəyyənləşəcək.

Azərbaycanı dünya çempionatında Mixail Malkin (tamblinq) təmsil edir. Bakıda keçiriləcək dünya çempionatında idmançılar 15 dəst medal uğrunda mübarizə aparır.

Oxşar Xəbərlər