Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə aprelin 30-da BMT-nin Vyana ofisində keçirilən “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” mövzusunda konfransın “Məcburi köçün sütunu kimi ətraf mühitə süni təsirlər” adlı üçüncü panelində ənənəvi zonalar və ekoloji təsirlər, iqlim dəyişikliklərinə qarşı mədəni davamlılıq, sosial-iqtisadi amillərin qarşılıqlı təsiri, siyasi müdaxilələr və davamlı həllər mövzuları üzrə müzakirələr aparılıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Korsika Assambleyasının sabiq prezidenti, “Nazione” müstəqillik hərəkatının üzvü, Bakı Təşəbbüs Qrupunun üzvü Jan Gi Talamoninin moderatorluğu ilə keçirilən tədbirdə müstəqil Martinika uğrunda ətraf mühit tərəfdarları və demokratlar hərəkatının sədr müavini, Bakı Təşəbbüs Qrupunun üzvü Klodet Düamel, Yeni Kaledoniya parlamentinin qadın hüquqları və ailə komitəsinin sədr müavini Marelin Sakiia, Korsikanın Poggio di Venaco şəhərinin meri, “Nazione” müstəqillik hərəkatının və Bakı Təşəbbüs Qrupunun üzvü Jan Mark Rodrige, Tavini Huiraatira partiyasının siyasi məsələlər üzrə direktoru Riçard Tuehivana və həmin partiyanın baş katibi Viktor Mamatuaiahutapu çıxış ediblər. Onlar mövzularla bağlı ətraflı məlumat veriblər. Sonra müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə mövcud vəziyyət haqqında danışılıb.
Sonda konfrans iştirakçıları Bakı Təşəbbüs Qrupuna fəaliyyətində uğurlar diləyib, müstəmləkə altında olan ölkələrə, hüquqları tapdanan xalqların problemlərinə diqqət ayırdığına görə quruma təşəkkür ediblər.
Sonda Bakı Təşəbbüs Qrupunun təklifi ilə ATƏT-in media azadlığı nümayəndəliyinə, eləcə də onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna açıq məktub ünvanlanıb.
Qeyd edək ki, konfransda Bakı Təşəbbüs Qrupunun müstəmləkə altında olan ölkələrdə rastlaşılan problemlər, polis zorakılığı barədə videoçarx nümayiş olunub.