İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Vibke Şlömerlə görüşüb.
Bu barədə “QİA.AZ“a İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, görüşdə nazir ölkədəki maliyyə institutları, o cümlədən Korporasiya ilə əməkdaşlığa önəm verildiyini, qurumun maliyyə-texniki dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb. O, qeyd edil ki, İqtisadiyyat Nazirliyi ilə birgə reallaşdırılan “Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi” layihəsi uğurla başa çatıb. “Azərbaycanda investisiya mühiti və aqrobiznesdə rəqabətlilik” və digər layihələrin icrası isə davam etdirilir. Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılması istiqaməti üzrə Korporasiya ilə tərəfdaşlığın gücləndirilməsi imkanları diqqətə çatdırılıb.
V.Şlömer Azərbaycan hökuməti ilə təmsil etdiyi qurum arasında əməkdaşlığın mövcud vəziyyəti, prioritet sahələr üzrə layihə və təşəbbüslər barədə məlumat verib, təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Korporasiyanın Qafqaz üzrə yeni regional meneceri xanım İvana Duartenin iştirak etdiyi görüşdə tərəflər investisiya-məsləhət xidmətləri sahəsində tərəfdaşlığın dərinləşdirilməsi üçün imkanlar, “Ölkənin özəl sektorunun diaqnostikası” Çərçivə Sənədinin icrası və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.