Bibiheybət ərazisindən çirkab suların Xəzərə axıdılması ilə bağlı tədbir görülüb

Səbail rayonu Bibiheybət ərazisindən boru kəməri vasitəsilə çirkab suların Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər əsasında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma başa çatıb.

Bu barədə “QİA.az”a ETSN-nin Mətbuat Xidmətindən məlumat verilib.

Xidmətin rəisi Hikmət Əlizadə bildirib ki, mütəxəssislər tərəfindən boru xəttindən axan sudan nümunələr götürülərək bioloji, kimyəvi analizlər aparılıb və suda ammonium ionlarının 30.4, asılı bərk hissəciklərin 13.4, sintetik səthi aktiv maddələrin isə 5.8 dəfə normadan artıq olduğu müəyyən olunub.

“Qeyd edək  ki, araşdırma zamanı ərazidə formalaşan çirkab suların “Azərsu” ASC-nin Bakı Sukanal İdarəsinin tabeliyində fəaliyyət göstərən nasoslar vasitəsilə təmizlənmədən Xəzərə axıdıldığı müəyyən edilib”.

H.Əlizadənin sözlərinə görə faktla bağlı akt, protokol tərtib edilib və “Azərsu” ASC-nin hüquqi şəxs qismində cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib. Tullantı sularının mərkəzləşmiş kanalizasiya şəbəkəsinə yönəldilməsi məqsədilə tərəfimizdən “Azərsu” ASC-yə məktub ünvanlanıb.

Oxşar Xəbərlər