Bıçaqlanma hadisəsinin baş verdiyi evdə müəmmalı yanğın olub

Apr25,2021

Astarada iki mərtəbəli ev yanıb.

“QİA.az”ın verdiyi xəbərə görə, hadisə rayonun Şəmətük kəndində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Qəyyim Əlif oğlu Ağayevə məxsus 8 otaqdan ibarət 2 mərtəbəli ev gecə saatlarında tamamilə yanıb. Yanğın zamanı ailə üzvləri həyətdəki köhnə evdə olublar. Zərərçəkənlər yeni tikdirdikləri evin qəsdən, qisas məqsədi ilə yandırıldığını iddia edirlər.

FHN-nin Astara Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları hadisə yerinə baxış keçirərək, ekspertiza aparılıb. Yanğının səbəbini araşdırmalardan sonra məlum olacaq.

Xatırladaq ki, mart ayının 10-da bu ailə ilə onların qohumları arasında qanlı insident baş verib. Bir-birinə bıçaq xəsarətləri yetirən iki əmioğludan biri – 1991-ci il təvəllüdlü Musa Arzuman oğlu Ağayev ölüb, digəri – 1994-cü il təvəllüdlü Famil Qəyyim oğlu isə ayaq nahiyəsindən xəsarət alıb. Əmisi oğlunu qətlə yetirən F.Ağayev saxlanılıb. Əvvəllər də aralarında münaqişə olduğu söylənilən qohumlar bu hadisədən sonra bir-birlərini təqsirkar biliblər. Zərərçəkənlərin iddiasına görə, qarşı tərəfdən onlara evin yandırılacağı barədə dəfələrlə təhdidlər olub.

Oxşar Xəbərlər