“Bir kəmər, bir yol” layihəsinin mühüm həlqəsinə çevrilən “Naxçıvan dəhlizi” – MƏQALƏ

“Hazırda Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir. Mən hadisələri qabaqlamaq istəmirəm, amma bu dəhlizin açılması noyabrın 10-da imzalanmış Bəyanatda öz əksini tapıb. Ona görə bu, mütləq açılacaq və bölgəyə yeni imkanlar gətirəcək”… Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı səsləndirib.

Azərbaycan dövləti ötən ilin sentyabr ayının 26-da Ermənistanın növbəti silahlı təxribatlarına cavab olaraq başlatdığı düşməni sülhə məcburetmə tədbirləri çərçivəsində qısa müddət ərzində 30 ilə yaxın bir dövr ərzində Ermənistan tərəfindən işğal edilmiş tarixi torpaqlarımızı azad etməklə yanaşı, Cənubi Qafqaz bölgəsi üçün yeni reallıqlar yaratmış oldu.

Ermənistan cəmiyyəti və havadarları üçün şok effekti yaradan bu reallıqlar XX əsrin əvvəllərində məqsədli şəkildə Azərbaycanın Naxçıvan bölgəsi və Türkiyə ilə quru əlaqəsinin kəsilməsi məqsədilə Zəngəzurun Ermənistana verilməsi məqsədlərinin alt-üst edilməsi ilə özünü göstərir. Yüz illik bir planı Azərbaycanın müzəffər ordusu qısa müddətdə poza bildi. Azərbaycan Prezidenti isə, həm də böyük diplomat olduğunu səngər qələbələrimizin davamı olaraq Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr bəyanatına Naxçıvan dəhlizi ilə bağlı bəndi əlavə etdirməklə təsdiqləmiş oldu. Artıq Azərbaycanın əsas hissəsinin Naxçıvan bölgəsi və həm də Türkiyə ilə quru yolu və dəmiryolu əlaqələri zamana bağlı bir prosesə çevrilib. Azərbaycan bir daha böyük nəqliyyat habına çevrilir. Naxçıvan dəhlizi regionun inkişafında, region dövlətlərinin qarşılıqlı və dərin inteqrasiyasında, Qarabağ bölgəsində sülhün təmin olunması və davamlığında mühüm açar rolunu oynayacaq.

“Bu yoldan həm Azərbaycan, həm Türkiyə, həm Rusiya, həm Ermənistan, həm də İran istifadə edəcək. Bu yol gələcəkdə çoxtərəfli əməkdaşlıq üçün xüsusi əhəmiyyətə malikdir. Biz öz ərazimizdə Horadiz-Ağbənd dəmir yolunun tikintisinə başlayacağıq. Bununla paralel olaraq, Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpası və müasirləşdirilməsi istiqamətində də işlər aparılacaq.
Nəzərə alsaq ki, Ermənistan dəmir yolları Rusiya dəmir yollarının mülkiyyətindədir, bizim tərəf-müqabilimiz, əlbəttə, Rusiyadır. Çünki Ermənistan dövlətinin Mehri dəmir yolu layihəsinə heç bir aidiyyəti yoxdur. Biz bu məsələni Rusiya ilə müzakirə edirik. Çünki Rusiya dəmir yolları Ermənistan dəmir yollarının sahibidir. İlkin müzakirələr müsbətdir. Hələlik bu qədər. Gələcək hadisələr haqqında məlumat veriləcək”. Prezident İlham Əliyevin uzaqgörənliklə qeyd etdiyi bu fikirlərdən də göründüyü kimi, kommunikasiya əlaqələrinin qurulmasını, alternativ ticarət əlaqələrini özündə əks etdirən, Çindən başlayaraq Avropaya qədər uzanacaq “Bir kəmər, bir yol” meqalayihəsinin mühüm həlqəsinə çevriləcək, nəticədə Azərbaycanın və Naxçıvan Muxtar Respublikasının geosiyasi və geoiqtisadi əhəmiyyətini ciddi şəkildə artıracaq “Naxçıvan dəhlizi” ilə bağlı məsələləri Azərbaycan kapitulyasiya bəyanatına imza atmağa məcbur etdiyi Ermənistanla deyil, Qafqazda sülhün və qarşılıqlı etimadın arbitrı rolunu oynayan Rusiya ilə müzakirə edir. Bu fakt, Ermənistanda təsəlli olaraq xalqı aldatmaq üçün siyasi liderlərin qeyd etdiyinın əksinə olaraq, qısa vaxt ərzində bu istiqamətdə mühüm nəticələrə şahidlik edəcəyimizi deməyə əsas verir.

Bu dəhliz və Azərbaycanın hərəkətverici qüvvəsi olduğu bir çox regional layihələr həm də Naxçıvanın sosial-iqtisadi inkişafına, Naxçıvan mədəniyyətinin daha geniş areala yayılmasına, Muxtar Respublikanın turizm mərkəzinə çevrilməsinə, yeni iş yerlərinin açılmasına və nəticə etibarilə insanlarımızın həyat şəraitinin daha da yaxşılaşmasına, gəlirlərinin artmasına səbəb olacaqdır.

LAMİYƏ QULİYEVA,
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi,
fəlsəfə doktoru

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər