Bir sıra şirkətlər və “Sinovac” uşaqlar üçün COVID-19 peyvəndi hazırlayır

Bir sıra şirkətlər və "Sinovac" uşaqlar üçün COVID-19 peyvəndi hazırlayır

Bu ilin yanvarın 18-dən etibarən ölkə üzrə koronavirus əleyhinə vaksinasiyaya başlanılıb. İlk olaraq, tibb işçilərinin peyvəndlənməsi ilə başladılan proses hazırda respublikada davam edir. Strategiyaya uyğun olaraq ilkin mərhələdə risk qrupuna aid edilən şəxslərin peyvəndlənməsi həyata keçirilir. Bu gündən isə 65 yaşdan yuxarı şəxslərin peyvəndlənmələri üçün onlayn müraciətə başlanılıb. Hazırda 62 mindən çox təkcə tibb işçisi peyvənd olunub. Uşaqlar isə vaksinasiya edilmir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, istehsalçı şirkətin tövsiyəsinə əsasən 18 yaşa qədər əhali kütləsinə, hamilə və südverən qadınlara peyvəndin vurulması tövsiyə edilmir:

“Çünki bu istiqamətdə hələ tədqiqat aparılmayib”.

“QİA.AZ” bildirib ki, mövzu ilə əlaqədar “Report”a açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib ki, dünya peyvənd tətbiqi ilə pandemiyaya qarşı mübarizənin yeni mərhələsinə keçib və artıq dünyanın dörd bir yanında vaksinasiya aparılır:

“Artıq vaksinasiya sahəsində rəqabət yeni yayılan virus mutasiyalarına qarşı peyvəndlərin daha effektivliyi və təsiredici gücə malik olması istiqamətində aparılır. Ona görə də bu gün təhlükəsizliyi və effektivliyi daha yüksək olan vaksinlərə tələbatın artması da gözləniləndir”.

Azərbaycanlı alim bildirib ki, qarşıdakı aylarda uşaqlara tətbiq olunacaq peyvənd istehsalı vasitəsilə pandemiya ilə mübarizənin yeni mərhələsinə qədəm qoyulacaq:

“Artıq bu istiqamətdə də kifayət qədər elmi tədqiqatlar işlənilərək hazırlanıb. Peyvənd istehsal edən böyük şirkətlər bu elmi tədqiqatlarla bağlı artıq önəmli mərhələyə çatırlar. Bunlardan “BioNtec”, “Moderna”, “Astrazeneca” peyvəndlərinin uşaqlara tətbiq oluna biləcəyi istisna edilmir. Bu peyvəndlərdən “BioNtec”, “Moderna” 12 yaşdan yuxarı “Astrazeneca” isə 5 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub. Elmi tədqiqatların normal gedişlə davam edəcəyi təqdirdə bu kimi peyvəndlərin tətbiqinə yay və payız aylarında başlanılması gözlənilir. Uşaqlara tətbiq olunan peyvəndlərdə yüksək effektivlik müşahidə olunarsa, o zaman hətta yayda istifadəsinə başlanıla bilər. Bu da həqiqətən pandemiya ilə mübarizədə böyük bir nailiyyət və uğur deməkdir. Çünki bildiyimiz kimi uşaqlar da böyüklər qədər virusun yayılmasına səbəb olurlar ki, bu da çox önəmli elmi faktdır”.

Çin peyvəndlərinin təhlükəsizliyi və effektivliyindən söz açan N.Abdullayev qeyd edib ki, hazırda 4 böyük Çin vaksininin elmi tədqiqatları aparılır:

“Hətta bu gün Azərbaycanda tətbiq olunan “Sinovac” şirkətinin CoronaVac peyvəndini də qeyd edə bilərəm ki, bu peyvəndin də uşaqlarda tətbiqi üçün tədqiqat aparılır və rəsmi olaraq oktyabr ayında başlanılan bu tədqiqatın bu ayın sonunda bitəcəyi bildirilir. Bu peyvənd 3-17 yaşlı uşaqlar üçün nəzərdə tutulacaq. Digər Çin istehsalı olacaq peyvəndlərdən BIBP BBIBP-ın CorV vaksini 3 yaşdan yuxarı uşaqlara və Cansinonun Ad5-nCoV peyvəndi isə 6 yaşdan yuxarı uşaqlara nəzərdə tutulur”.

Oxşar Xəbərlər