Bakıda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki bağ evlərindən birində qeydə alınıb.
Lalə Vəliyeva 2009-cu ildən qeyri-rəsmi münasibətdə olduğu Valeh Məmmədovla rəfiqəsi, əvvəl məhkum olunmuş Zəminə Babayevanın evinə qonaq gəlib. İçki məclisindən sonra aralarında düşən mübahisə zamanı Zəminə Babayeva əvvəlcə rəfiqəsi Lalə Vəliyevanı, daha sonra isə onun sevgilisi Valeh Məmmədovu bıçaqlayıb.
“Gördüm, gəlir üstümə. Dedim, ay Zəminə xanım, nə olub? Sonra bıçağı üstümə atdı. İkinci dəfə üstümə atanda qoluma dəydi. 67 yaşım var, boksla məşğul olmuşam. Vurduğum adam ayağa dura bilməz. Xanım olduğuna görə itələdim, heç nə etmədim” , – deyə zərərçəkən Valeh Məmmədov deyib.
Həmçinin birlikdə yaşayan zərərçəkənlər də məhkumluq həyatı yaşayıblar.
2010-cu ildə Lalə Vəliyeva Valeh Məmmədovla birgə öz rəfiqəsini öldürüb, cəsədi gizlicə basdırsalar da, əməllərindən peşman olaraq təslim olublar.
Nəticədə onlara 12 il həbs qətimkan tədbiri seçilib.
Hazırda Lalə Vəliyeva Sabunçu Tibb Məntəqəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır, stabildir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Mərdəkan qəsəbəsində bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş 1973-cü il təvəllüdlü Zəminə Babayeva polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı saxlanılıb.
Araşdırmalar davam etdirilir.