ABŞ-dakı ehtiyatların azalmasına dair xəbərlərin təsiri ilə bu gün neft yenə ucuzlaşmağa başlayıb.
“QİA.AZ” xəbər verir ki, Londonun “İCE Futures” birjasında “Brent” markalı neftə dair yanvar müqavilələri dünən 3,8 faiz bahalaşdıqdan sonra bu gün Bakı vaxtı ilə saat 9.15-də 1,96 faiz ucuzlaşaraq 40,42 ABŞ dollarından satılıb. Həmçinin Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftə dair dekabr müqavilələri dünən 4 faiz bahalaşdıqdan sonra bu gün 1,89 faiz ucuzlaşaraq 38,41 dollardan satılıb.
Neft bazarında qiymətləri aşağı salan başlıca amillər arasında koronavirusun yayılması üzündən Avropada karantin tədbirlərinin bərpası ilə bağlı tələbatın azalması, habelə ABŞ-dakı seçkilərdə Demokrat Partiyasının namizədi Co Baydenin respublikaçı Donald Tramp üzərində hələlik kiçik üstünlüyə (264 – 214) malik olmasıdır. Halbuki demokratların daha böyük üstünlüklə qələbə çalması və Konqresin hər iki palatasında əksəriyyət əldə etmələri halında hökumətin irimiqyaslı dəstək proqramı qəbul edərək ölkə iqtisadiyyatının koronavirusun fəsadlarının öhdəsindən gəlməsinə yardım edəcəyi güman olunur.
ABŞ hökumətinin dünənki açıqlamasına görə, ötən həftə ölkədəki neft ehtiyatları 8 milyon barel azalaraq 484,4 milyon barelədək (son 5 ilin orta səviyyəsindən 7 faiz çox) enib, eyni zamanda, NYMEX-də satılan neftin saxlandığı Kuşinq anbarlarındakı ehtiyatlar 936 min barel artaraq 60,9 milyon barelə çatıb.
Həmçinin benzin ehtiyatları 1,5 milyon barel artaraq 227,7 milyon barelə, distilat ehtiyatları isə 1,6 milyon barel azalaraq 154,6 milyon barelə çatıb. Ölkədə neft hasilatı isə hesabat dövründə 600 min barel azalaraq 10,5 milyon barelədək geriləyib.