BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası tərəflərinin noyabrın 30-dan dekabrın 12-dək Dubayda keçiriləcək 28-ci konfransı (COP28) çərçivəsində “Space for Sustainability” dördgünlük “Hack4Climate” hakatonu təşkil ediləcək.
QİA.az ərəb KİV-lərinə istinadla xəbər verir ki, “Space for Sustainability” dördgünlük “Hack4Climate” hakatonu dekabrın 8-dən 11-dək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Kosmik Agentliyi (UAE Space Agency), “Bayanat”, “Planet Labs”, “4EI” şirkətlərinin və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşəbbüsü və əməkdaşlığı çərçivəsində keçiriləcək.
Qeyd edək ki, BƏƏ-nin vitse-prezidenti və Baş naziri, eləcə də Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum tərəfindən “BƏƏ-nin təşkil etdiyi ən vacib tədbirlərdən biri” elan olunmuş COP28 BƏƏ-nin davamlı inkişafa kömək etməkdə aparıcı rolunu müşahidə etməyə hədəflənib.
Tədbirdə 140-dan çox dövlət və hökumət başçısı, 80 mindən çox nümayəndə və 5 mindən çox KİV nümayəndəsi iştirak edəcək. BƏƏ ölkə daxilində planlaşdırılan və ya artıq istifadəyə verilmiş bərpa olunan enerji mənbələri sahəsində layihələrin həyata keçirilməsi sayəsində 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün iddialı planlarını açıqlayıb. BƏƏ Yaxın Şərqdə İqlim Dəyişmələri haqqında Paris Sazişini ratifikasiya edən ilk ölkə olub. BƏƏ təmiz enerji sahəsində layihələr üzrə dünya lideridir. BƏƏ dünyanın 70 dövlətində təmiz enerji layihələrinə 50 milyarddan çox ABŞ dolları investisiya qoyub.
Bu il noyabrın 20-də “Okean” pavilyonunun tərəfdaşları BMT-nin İqlim konfransı ərəfəsində “COP28”un Dubay Okeanik Bəyannaməsini təqdim ediblər. Bəyannamə iqlim dəyişməsinin tənzimlənməsində okeanın kritik rolunu tanıyır, okean müşahidələrini genişləndirməyə çağırır.
2023-cü ilin oktyabrında Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Bayanat” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.