ABŞ-nin vitse-prezidenti Kamala Harris Respublikaçılar Partiyasından prezidentliyə namizəd olan Donald Trampdan 2 faiz bənd geridə qalır, amma onun göstəriciləri ABŞ lideri Cozef Baydendən xeyli yaxşıdır.
QİA.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Morning Consult”ın ictimai rəy sorğusunun nəticələrinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, Baydenin prezidentlik yarışından geri çəkildiyini elan etməsindən sonra ilk böyük sorğudur. Bu qərardan əvvəl Bayden Trampdan 6 faiz geri qalırdı.
Agentlik buna səbəb kimi ABŞ Prezidentinin iyunun sonundakı debatda uğursuz çıxışını göstərir. Bununla belə, onun Harrisi dəstəkləmək qərarı demokratlara qarşıdan gələn seçkilərdə qələbəyə ümid verir.
“Morning Consult”ın sorğusu göstərib ki, Tramp 47 %, Harris isə 45 % səs toplaya bilir.
Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.