BMT Bərdənin yaşayış yerlərinin atəşə tutulmasını qınayıb

Okt 29, 2020
BMT Bərdənin yaşayış yerlərinin atəşə tutulmasını qınayıb

BMT Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda yaşayış məntəqələrinin atəşə tutulmasını, o cümlədən də Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır.

“QİA.AZ” xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib.

“Çoxsaylı insan ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olan Bərdə şəhərinə edilən hücum da daxil olmaqla, yaşayış məntəqələrinə edilən bütün hücumları şiddətlə qınayırıq. Bu cür hücumlara heç bir əsas ola bilməz”, – S.Düjarrik deyib.

Mətbuat katibi yenidən BMT rəhbərinin münaqişə tərəflərini humanitar məqsədlər üçün atəşkəsə riayət etməyə və mülki şəxslər, mülki infrastrukturu qorumaq üzrə öhdəliklərini yerinə yetirməyə çağırdığını xatırladıb.

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

Oxşar Xəbərlər