Efiopiyada milyonlarla insan qida məhsullarına, suya, evə və tibbi vasitələrə ehtiyac duyur.
“QİA.AZ” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı bildirib.
O, azı 400 min insanın aclıqdan əziyyət çəkdiyini bildirərək, vəziyyətin humanitar faciə həddinə çatdığını vurğulayıb.
“İki milyondan çox insan evlərini tərk etmək məcburiyyətində qalıb, milyonlarla insan təcili olaraq həyati əhəmiyyətli humanitar yardıma, o cümlədən qida məhsullarına, suya, evə və tibbi vasitələrə ehtiyac duyur”, – Quterreş deyib.
O, Efiopiyadakı qaçqın düşərgələrinin dağıdıldığını, xəstəxana və klinikaların hücum və qarətə məruz qaldığını, həmçinin elektrik enerjisi və rabitə vasitələrinin işləmədiyini əlavə edib.
“Seksual və cinsi zəmində dəhşətli zorakılıq halları haqqında məlumatlardan son dərəcə narahatam. Bu qəddar hərəkətləri öz adımdan qəti şəkildə pisləyirəm”, – baş katib deyib.