BNA: Avtobus zolaqları bütün paytaxtı əhatə edəcək

Bakıda yaradılan avtobus zolaqları bütün paytaxtı əhatə edəcək.

“QİA.az” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimli bildirib.

“Avtobus zolaqları Bakının Baş Planında yer alıb. Təklif edilən 24 küçədə xüsusi zolaqların salınması 600 minə yaxın sərnişinə xidmət edəcək”, – deyə o, qeyd edib.

Xatırladaq ki, BNA-nın təklifi əsasında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası 10 küçə və prospektdə avtobus zolaqlarının təşkil olunmasını təsdiq edib. Bu çərçivədə artıq 7 ünvanda zolaqların təşkili yekunlaşıb. Hazırda A.M.Şərifzadə, F.X.Xoyski və M.Həsənov küçələrində avtobus zolaqlarının təşkili istiqamətində müvafiq işlər görülür.

“Xüsusi zolaqlar olduğu zaman müəyyən küçələrdə müəyyən sıxlıqlar olacaq, əhali buna öyrəşməlidir. Bu gün xüsusi zolaqların verdiyi zəncirvari effekti yaradan bilməmişik. Təklif etdiyimiz 24 zolaqdan 13-ü razılaşdırılıb. Onlardan 10-u təşkil edilib. Məsələn, Atatürk prospektində xüsusi zolaq var, amma Ziya Bünyadov prospektində itir. Avtobus təyyarə deyil. Sərnişinlərin narazılıqlarını başa düşürük, amma avtobusların intensivliyi təmin edilmədikcə sıxlıqlar yaşanır. Avtobus zolaqları şəxsi nəqliyyatdan çox avtobuslardan istifadəni stimullaşdırır”, – deyə V.Kərimli əlavə edib.

Oxşar Xəbərlər